Azərbaycanda ROBOTOTEXNİKA hərəkatı

2016-cı il tarixdə ilk dəfə olaraq Azərbaycan Dünya Robot Assosasiyasına sınaq üzvlüyünə qəbul olunmuşdur. Xatırladaq ki, Dünya Robot Assosasiyası tərəfindən hər il keçirilən ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadasında (WRO) 60-dan artıq ölkənin yeniyetmə və gəncləri iştirak edir. 7 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası) tərəfindən Dünya Robot Olimpiadasının Azərbaycan seçim yarışı keçirilmişdir. Yarışların sonunda Yaponiyadan dəvət olunmuş Baş hakim Kohei İşiqamanın rəhbərlik etdiyi hakimlər komitəsinin qiymətləndirməsinə əsasən qalib olmuş komandalar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10-12 noyabr 2017-ci il tarixlərdə Kosta-Rikada keçirilən Dünya Robot Olimpiadasında iştirak etmişdir. Qeyd edək ki 2017-ci ilin sonunda Azərbaycan Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul olunmuşdur.